Habil YAŞAR - Öyküler

Habil Yaşar'ın diğer öyküleri için tıklayınız...


Ölüm (əcəl zəngi)esse

 

     Ölüm… hər bir şeyin süquta uğrayacağı bir proses, fanilikdən əbədiliyə qovuşmanın başlanğıç nöqtəsi. O nöqtə ki, hər bir canlının taleyinə yazılan və pozulması qeyri-mümkün olan bir nöqtə. Yaradılmışların hər biri elə yarandığı dövrdən etibarən ona doğru gedir, yolun o biri tərəfində ölüm gözləyir hər kəsi. Ondan qurtulmaq mümkün olmadığı kimi, onun haqqında düşünməmək belə mümkün deyildir. Elə bir canlı, hər hansı bir fərd tapa bilməzsən ki, ölümün varlığını bilə-bilə onun haqqında bir anlıq belə fikirləşməsin, düşünməsin “ölüm” adlı bir sonluğun mövcudluğunu.

    Axı necə, necə ola bilir ki, insan oğlu bu qara qüvvənin varlığını dərk edə-edə ona biganə qalır, onu bir ömür boyu iztiraba döndərib özünə əzab vermir, istər az, istər çox, istər kədərli, istər sevincli yaşamaq istəyir, ancaq yaşamaq. Əcəl qapımızı döydüyü zaman insan üçün bir saniyə belə yüz illər qədər qiymətli və heç bir ölçüyə gəlməyəcək qədər şirin və əlçatmazdır. Nədəndir bu təzadın sirri görəsən, nədəndir ölümün bizə hər an, hər saniyə yaxınlaşdığını duya-duya, yaşamaq, yaratmaq, bir sözlə bizə verilən bu ömür payının heç bitməsini istəməyərək yaşamaq marağı, yaşamaq arzusu?

   Bir dəfə gəlir dünyaya insan və bu gün bir daha heç bir zaman təkrarlanmayacaq. Əvəzedilməzdir bu gün. Ondan başqa hər şey təkrarlanacaq. Ad günləri, bayramlar, işləmək, xülasə, eyni sevinc, eyni kədərlər. Ancaq bir şey təkrarlanmayacaq, yalnız bir şey… doğum günü. Bu gün həyat yolunda bizə verilən ən böyük, ən şirin ərmağandır. Acısı, qəmi olmağına rəğmən, kim doyub ki ondan. Bu gözəllikdən danışılan zaman bir məfhumun xəyala gətirilib, göz önündə azacıq canlanması belə yaradılışın qəlbini titrədir, onun cismini qan-tərə qərq edir, həyəcanlandırır.

   Bu məfhum ölümdür. Ölümdən öncə əcəl döyür qapımızı, əcəl zənginin sədası gəlir qulaqlarımıza. O, bizlərdən, özümüzdən asılı olmayaraq, elə zamanda yaxamızdan tuta bilər ki, nə bilim, ən sevimli çağımızda sevincimizi burnumuzdan gətirər, bizi bədbəxtliyə düçar edə bilər. Ruhumuzun dərinliklərinə işləyib ümidimizi sındıra bilər. Əcəl…qaçılması mümkün olmayan yeganə məfhum. İstər şərqdə ol, istər qərbdə, istər yerdə ol, istər marsda, haqlayacaq o səni, mütləq haqlayacaq və haqladığı zaman sənin yaşamına son qoyacaq, bu son sənin ölümün olacaq. O ölüm ki,sən onu fikirləşirdin, qorxurdun ondan.

 

Ancaq haqladı səni, yaxaladı. Sənə verilən ömür payı qırıldı. Bu günün sabahı gəlməyəcək, kölgən belə səni izləməyəcək bir daha, sənə hamıdan daha yaxın olan, sənin yaşama mexanizmin olan ürək belə səndən əl çəkəcək, döyməyəcək bir daha və sən olmamış kimi olacaqsan. Bunu da dərd etməyə dəyməz ki, bu yoxluq sənə acı verməyəcək. Çünki sən bir heç olacaqsan, yer üzündə ən xırda molekullar, ionlar olacaq, ancaq bir sən, yalnız sən olmayacaqsan. Bax budur ölüm, bax budur əcəl!

   Elə budur insanı yandıran, qəmləndirən. Bunu öz-özündə həzm edə bilmir insan, danışmaq istəmir bu barədə. Nədənsə paxıllığı tutur yaradılışın bu cür məhv olmasına. Düşünündə ki, ölümündən, bəli,məhz sənin ölümündən sonra həyat davam edəcək, günəş hər səhər yer üzünü salamlayacaq, ulduzlar parlaqlığı ilə sayrışacaq, dənizlərdə dalğalar coşub-çağlayacaq, quşlar ötəcək, bir sözlə təbiət öz əlvanlığı ilə insanları, ümumiyyətlə bütün canlıları məftun edəcək, necə qısqanmayasan bu gözəlliyi? Bax budur insanın acizliyini göstərən! Bunun sübutu isə ölümdür.

   Ancaq yenə təkrar edirəm, ölümün var olmasını anlaya-anlaya yaşamaq istəyirik və yaşaya-yaşaya da hər an ona doğru getdiyimizi anlayırıq. Belə isə sual doğur. Nədən yaşayırıq? Nədən bu həqiqəti dərk edə-edə yaşamaq istəyirik? Çünki yaşamaq arzusu, ölümə olan nifrət nisbətində daha böyükdür, daha qüvvətlidir. Belə isə yaşasın yaşamaq arzusu ilə yaşayanların varlığı!


 Sevgi haqqında esse.(Sevgini yaşayanların,bu ne mətin qədrini bilənlərin sevgi dolu ürəklərinin xətrinə)

 

  Sevgi-sən elə bir duyğusan ki,insanların ən çox məhz sənə ehtiyacı var.Sən olan yerdə hər şey gözəl,hər şey ədalətlidir.Yaranışdan sənə olan ehtiyacı kim doldura bilib ki,bizlərdə doldura bilək?

   Sevgi-sən elə bir duyğusan ki,ömrümüzün hər anında,istər gənc ol,istər qoca bizləri izləyər və ansızın çağırılmamış qonaq kimi qapımızı döyə bilərsən.Kim səndən,sən adlı duyğudan sığortalana bilib ki?

   Sevgi-səni yaşamayanların,səni bir heç sayanların,sənə istehza ilə yanaşanların canlı ola biləcəyinə necə inanmaq olar?Hətta inanmaq belə çətindir sən adlı duyğunu yaşamayanların varlığına.Sənin varlığın bütün bəşəriyyətin varlığı olduğu kimi,sənin də varlıığın bütün bəşəriyyətin varlığının əmanətidir.

   Sevgi-bəzən acımasız olmağınla bizləri yanıb-kül edə biləcəyin qədər  mərhəmətsizsən.Sənə məhkum ürəyimizə hakim kəsildiyindən sənə səcdə edə biləcəyimiz qədər zavallı oluruq biz.Məhz sən,daş qəlbləri yumşaldıb muma döndərə biləcək qədər sehrli bir qüdrətə maliksən və bu qüdrətinlə ən şirin sevgiyə maliksən –Sevgi.Bu nemətin qədrini bilməyənlərin tutar gözlərini naşükürlükləri.

    Sevgi-sənə olan ehtiyacımız balığın suya,quşun  uçmağa  olan ehtiyacı nisbətində  daha çox olacığının gümanındayam.Əslində elə bütün ehtiyacların ilkin mənbəyi məhz elə sənsən...Sevgi.

   Sevgi-yaradanın belə ən çox sevdiyi nemət olduğunu unutmuruq biz...O,da səninlə yaratdı kainatı,bizi.Səni ürəklərimizə bir nemət olaraq bəxş etdi yaradan.Bizi sevgi yaratdığından bizlər də sevgini qorumağa borclu olduğumuzu unutmuruq.Unudanlardan əsla olmaq istəmirik-Sevgi.

   Sevgi-sən zirvələrdəki qardan belə şəffaf olduğundan,həssassan,səmimisən,təmizsən.Çünki,sən pislikləri üzərinə götürə bilməyəcək dərəcədə günahsızsan,məsumsan.Məsum olmağınla daha da gözəlsən-Sevgi.

   Sevgi-sən hər fəsildə öz donunu dəyişməyən bir ağaca bənzərsən.O ağac ki,isti-soyuq bilmədiyindən hər zaman sağlam olursan,heç bir təbibə möhtac olmazsan,əksinə təbiblər özü möhtac sənə-Sevgi.

   Sevgi-yazmadıqlarım yaza bildiklərimdən o dərəcədə çoxdur ki...Nə yazsam bir o qədər yenə az,yenə yetərsiz olduğunu yaxşı bilirəm.Bəzən xəcalət çəkirəm yetərsiz cümlələrimlə səni qələmə almağımdan.Sənin şənini mədh eləməkdən.Bağışla məni,sözlərimin,düşüncələrimin səni mədh etməkdə bu qədər cılız olmasından dolayı.

   Sevgi-sən sənə möhtac olanların sevgisini ürəklərində qoyma,qırma onları.Rəhm eylə sən adlı duyğuya mübtəla olanların acizliyinə.Onlara sənin yolunda çəkdiklərinə kömək et.Kömək et ki,azalmasın yer üzündə sevgi tumurcuqları səpən insanların miqdarı.Bu miqdarın heç zaman azalmayacağı ümidi ilə sənə pənah aparırıq –Sevgi...


“Ağıllı “dəli” adam”... 

     O, dəli,fərsiz adlandırılmağına rəğmən,çoxlarından daha ağıllı,daha etibarlı idi.Yaşadığı mühit ona qarşı son dərəcə amansız davranır,onun hər dediyinə məsxərə edərək  küçümsərlərdi.Ancaq bütün bunlara baxmayaraq “ağıllı dəli adam” heç zaman digərlərinə qarşı nanəcib hərəkət etməz,ağıllı olduğunu bilə-bilə dəli adlandırılmağndan zərrə qədər də utanmazdı.Utanılası heç nə olmadığını anlayan “ağıllı dəli adam” “ağıllılar” içərisində “dəli” kimi yaşayar və azacıq həyatının çoxlarına ibrət olacaq hadisələrlə bol olmasına rəğmən heç kim bunlardan dərs almazdı,dərs alması lazım gələn şeylərə isə görməməzlikdən gələrlərdi... Qəribədir  “ağıllı dəli adam”ın gözəl kefiyyətlərindən biri heç zaman yalan söyləməz,gələcəklə bağlı dediklərinin çoxusunun düz çıxması idi.Hətta o bir dəfə “ağıllı” adamların az qala rəğbətini qazanacaqdı, amma bu adamlar təkəbbürlük edərək “ağıllı dəli adam”ın dediyini sadəcə olaraq bir təsadüf kimi adlandırdılar və ona yenə də dəliki,dəli deməyə davam etdilər... “                             “Ağıllı dəli adam”ın çoxlarına qeyri-adi görünən kefiyyətləri çoxlarının yuxusunu belə ərşə çəkmişdi.Heç kimə bir pisliyi toxunmayan bir insanın (ağıllı ya da dəli fərqi yox) digərlərini bu cür narahat edən nə ola bilərdi  görəsən?Bu sualın cavabını  “ağıllı dəli adam” onlardan soruşsa belə tapa bilməyəcəkdi,tapa bilməsi belə mümkün olmayacaqdı.Çünki,özlərinə “ağıllı” deyən adamlar “dəli” adlandırdıqları adama nisbətən çox-çox ağılsız idilər və bu həqiqəti içlərində qəbul eləsələr də heç zaman dillərində təsdiq edə bilməzdilər.Bu təsdiq onların  məğlubiyyəti olacağından heç kim bunu edə bilməzdi,etsəydi belə o da dəli adlandırılacaq və ağıllı adamlar cəmiyyətindən tədricən təcrid olunacaqdı...(Milyonlarla “ağıllı” insanın “ağıllılar” cəmiyyətində yaşayaraq bütün ömrünü zavallı olaraq sürdüyünün,ağıllı adamlara pənah gətirərək onlardan ağıllı məsləhətlər almaq ümidi ilə yaşadıqlarının və bir gün bütün bu axtarışlarının heç bir faydası olmadığının şahidi olmuruqmu biz “ağıllı” adamlar?).

     “Ağıllı dəli adam” qısa ömrünün çox az hissəsini özünə həsr edərək yaşadı,bu da onun uşaqlıq illəri idi.Əslinə qalsa  onun uşaqlıq illəri belə özünə həsr edilməmişdi.O,daima digər uşaqları düşünər,onların uşaq problemləri ilə maraqlanar,qayğılarına qalardı.”Ağıllı” böyük adamlar bu uşağın qeyri-adi olduğunu düşünər,onun gələcəyi haqqında təzadlı fikirlər yürüdərlərdi...Bəziləri onu “kiçik dahi”,bəziləri isə uşaqlıq psixologiyası yerində olmayan uşaq kimi qələmə verərdilər.Amma bu balaca “ağıllı dəli adam”ın bir günahı var idi,bu da onun digərlərinə nisbətən daha ağıllı,daha öngörən olması idi.Daha bu balaca uşaq nə biləydi ki,zaman keçəcək,illər üstünə illər gəldikcə onu dəli adlandıracaq,dediklərini heç kimə gərəksiz söz yığını kimi rədd edəcəkdilər...Çünki,o “ağıllı” insanlara sərf etməyən,eyblərini açıb göstərən biri olacağı üçün heç kəs tərəfindən qəbul edilməyəcəkdi.

    “Ağıllı dəli adam” öz-özlüyündə bircə dəfə də olsun ailə qurmaq haqqında da düşünməmişdi.Ona görə ailə qurduqdan sonra dünyaya göz açacaq körpəsi “ağıllı” ola bilər və ona heç bir xüsusiyyəti ilə bənzəməyə bilərdi.Bu səbəbdən “ağıllı dəli adam” ailə qurmaq istəmirdi və bir tərəfdən də yaxşı başa düşürdü ki,hansı “ağıllı” adam öz qızını “dəli” adama verərdi ki...Əlbəttə ki,heç kim...

    “Ağıllı dəli adam” insanlara hər şeyin ən yaxşısını tövsiyə edərdi,harda olursa olsun hər zaman haqqın tərəfdarı olardı.Qadınlara şəhvət gözü ilə baxmamağı,kişilərə var-dövlət üçün ərə getməməyi, tacirlərin müəyyən olunmuş məbləğdən artıq üstünə qoymamağı,yetimlərin haqqını yeməməyi,hüquq məsələlərində ədalətli olmağı və s. kimi bir çox məsələləri digərlərindən tələb edərdi və tələb etdiyi üçün də hər kəs ona qeyri-adi,dəli insan kimi baxarlardı.Necə,hansı prizmadan baxmaqları onun vecinə deyildi,bu dünyanı vecinə almayan “ağıllı dəli adam” özü bildiyi kimi yaşamaqda israrlı idi.Çünki,o sözündən dönsəydi onlar kimi “ağıllı” insan olacaqdı və “ağıllı” insan olmaq onu çox qorxudurdu...O,öz-özünə daima belə düşünərdi.”Məni qəbul etmirlər etməsinlər.Özləri bilərlər.Amma mən də onların qəbul etdiklərini qəbul etməyəcəyəm...Əgər qəbul etsəm demək mən də “ağıllı” adamlardan biri olacağam və təbii ki,belə ağıllı olmaqdansa olmamaq yaxşıdır...Yeganə təsəllim budur ki,mən onlara qalib gələ bilmədiyim kimi,onlarda mənə qalib gələ bilməyəcəklər...Yaşasın “ağıllı dəli adam” olaraq yaşamaq!”Həyatda bu şüarın nə qədər ki,”ağıllı” adamlar yaşayırlar,yaşayacaqlar heç zaman qəbul olmayacağını bilə-bilə yaşadı “ağıllı dəli adam” və ona görə bu şüardan gözəl şüar olmayıb,olmayacaqdı da...

   Ağıllı dəli adam” keşməkeşli həyatda nə az, nə çox cəmi otuz beş il yaşadı.Bu illər heç zaman onun iradəsini qıra bilmədi.O, doğulduğanda necə varsa, həyatada gözlərini  eləcə qapadı....Yəni saf,təmiz.günahsız...


Dahi...(Esse) 

  Dahi...hər bir insanın ürəyindən keçən öndə gələn istəklərdən biri bəlkə də birincisidir dahi olmaq...İnanmıram, həyatda elə bir insan tapıla ki, ömründə bircə dəfə də olsun bu arzunu xəyal etməsin.Əlbəttə, dahi olmaq milyonlar üçün sadəcə bir istək olaraq da qaldığını unutmuruq.Bu ada layiq olanlar belə onun məsuliyyətindən heç bir zaman yaxa qurtara bilməyəcəklərini yaxşı anlayırlar. Çünki , bu ada layiq olanlar milyonlar içindən seçildiklərindən milyonlara örnək olmaqla da görəvlidirlər. Dahilər yer üzünə əsrdə bir, milyonda bir doğuduqlarından  və yaşadıqları mühitin aynasına çevrildiklərindən daha çətin olur onlara bu dünyada yaşamaq. Çünki onlar bir evin, bir obanın deyil də, bir məmləkətin, bir olan dünyanın sorumluluqlarını üzərinə götürən qeyri-adi şəxsiyyətlərdir.Məhz bu qeyri-adiliklə onlar digərlərindən fərqləndikcə fərqlənirlər.Dahilər bu adı həyatda qazanmırlar,  doğularkən bu xüsusiyyəti özləri ilə gətirirlər və bu da onların bir missiyasına çevrilir.

     Dahi olmaq istəyirsənsə heç bir zaman dahi olacağını düşünməməli, bu ada sahib olmaq üçün çalışmamalısan. Bu ada sahib olmaq üçün sən ona yox, o sənə möhtac olmayıncaya qədər, çalışmalı, sadəcə çalışmalı yox, eyni zamanda sözün əsl mənasında mübarizə aparmalısan. Hər etdiyin gözəl  əməli, hər yazdığın maraqlı əsəri, qurub yaratdığın hər nə varsa bütövlükdə hamısını kiçik sanmalı bacarmalısan ki, gözəldən sonra ən sevimlini, maraqlıdan sonra ən heyrətamizi də tapa biləsən.Yoxsa etdiklərinin kölgəsində qalıb qürurlanmaqdan başqa heç nə edə bilməzsən, bu isə sənə heç zaman ucalıq gətirməz, əksinə səni gün-gündən ucalmaqdansa, endirər, çünki sən kifayətlənib qaldığın yerdən etibarən geri addım atmağa başlayacaqsan və bu addım səni bu addan hər gün daha da uzaqlaşdırdıqca uzaqlaşdıracaq.

   Dahiliyə gedən yol gərgin əmək və mübarizədən başlayır. Nə qədər istedadlı olsan yenə əməyə, mübarizəyə möhtac olduğunu unutmamalısan. Bir şeyi də unutmamalısan ki, sən dahi olmağa inadkarlığının, güclü iradənin köməyi ilə ucala bilərsən. Dahilər atdığı hər addımda belə nələri isə ölçüb-biçir, nələri isə düşünür, nələri isə,hətta özlərini belə amalları uğrunda qurban verməyə razılaşırlar. Əgər sən də dahi olmaq istəyirsənsə o zaman bir çox şeylərdən keçəcəyinə, ancaq bu yoldan dönməyəcəyinə, sona kimi əzmlə mübarizə aparacağına inanmalısan.Məhz bu inamda sənə bu yolda kömək olacaq, səni yaşamağa, yaratmağa həvəsləndirəcək, içindəki istedadın üzə çıxmasına imkan verəcək. İnamsız gedilən yollardan bir şey gözləmək dahilərə məxsus olmayan xüsusiyyətdir və sən də dahi olmaq istəyirsən sə inamlı,cəsarətli,əzmkar,mübariz ol, Əgər bütün bunlar sən də varsa o zaman yola çıxmağın məsləhətdir, bu yolun səni işıq gələn tərəfə  aparacağndan əminəm...Mənə isə ”Yaxşı yol” demək düşər , elə isə “Yaxşı yol”...


 Ölümqabağı düşüncələr 

  Son kərə zilləmişdi gölərini saysız-hesabsız ulduzların tamaşasına və son dəfə ulduzların bu qədər uzaq,əlçatmaz olduğunu anlayırdı.Son dəfə ulduzlarla böləcəkdi bir ömrün hekayətini,yaşantısını və sanki,son dəfə etiraf edəcəkdi ulduzlara səhvlərini,yalnışlıqlarını və bu səhvə doğru aparan səbəblərin inanılmazlığını.

   Əlləri ovucunda lal-dinməz dayanaraq,nursuz gözləri ilə sayrışan ulduzları yenədə nəzərdən keçirərək,dilində nə isə pıçıldayırdı.O,nələri  isə pıçıldayaraq,nələrinsə ömrünə gizli gəldiyini,nələrinsə ömründən vaxtsız getdiyini düşünürdü və bir ömrün son akkordlarını vururdu ürəyi.O ürək ki,bir ömür boyu sevmişdi,nifrət etmişdi,sevməyi də ,nifrət etməyidə öyrənmişdi həyatdan.Adam yaradılışın bu qədər gözəl olduğunu sanki heç duymamışdı əvvəllər,duymuşdusada bu qədər hiss etməmişdi bəlkə də.

   Adam ulduzlarla ünsiyyət qura-qura son dəfə ilham deyilən bu müqəddəs nemətin əsrarəngliyindən bəhrələnirdi,faydalanırdı.Necə deyələr ölümqabağı yenə də onu tək buraxmamışdı,ona ölümünə  kimi sadiq qalmağa çalışmışdı.O ilham ki,bir ömür boyunca onu bir an olsun belə tərk etməmişdi,istər quruda,istərsə suda,istərsə də havada,harada olursa-olsun tək ilham olmuşdu onun ən sadiq,ən etibarlı dostu.Bəzi vaxtlar onu tənha qoymuşsada,bu müvəqqəti bir ayrılıq olurdu və ondan uzunmüddətli küsməmişdi ilham.İlham da yaxşı bilirdi ki,bu adam onun dəyərini bilir,ondan layiqincə istifadə etməyi bacarır.O ilham ki,adamı ulduzlara belə aparardı,kainatın hər bucağında xəyalidə olsa gəzdirərdi onu,gəzdirə-gəzdirə həyatı,yaradılışı sevməyi öyrədərdi.Ona kainatın necə bir gözəlliyə sahib olmasını və bu kainatın içində kiçik bir zərrə olan insanında necə gözəl yaradıldığını bir daha anladardı ona...Ona öz qiymətini bilməyi,verilən ömür payını ucuz tutmamağı,bir sözlə özünü tanımağın həyatda ən böyük nailiyyət olduğunu bir daha sübut etməyə çalışardı...(İnsan özünü yaxşı tanıyanda daha gözəl olar elə deyilmi?).

   Bu gecə...məhz bu gecə  bu adamın qismətinə düşən ömür günlərinin son gecəsi olacaqdı...Bir sonluqla yanaşı əbədiyyətin qapıları açılacaqdı bu  adamın üzünə.Məhz bu yerdə adam öləcəyini,son dəfə bu əvəzedilməz gözəlliyi seyr edəcəyini düşünə-düşünə üzündə anidən bir təbəssüm sezildi,bu sevinc təbəssümü idi.Nədən doğdu bu təbəssüm,necə oldu ki,öləcək bir insanın üzündə səbəbi bilinməyən bir mehribanlıqla dolu sevinc təbəssümləri yarandı?

   Adam bu sonun heç də son olmayacağını,bu sonun özüylə sonu olmayacaq bir başlanğıcın  gətirəcəyini fikirləşərək sevindi  elə bil.Bayaqdan ulduzları narahatcasına seyr edən hal-əhvalından bir nişanə belə qalmamışdı daha.O,anlamışdı.Ən böyük həqiqəti dərk eləmişdi.Dərk eləmişdi ki,kainat və ümumiyyətlə hər nə varsa hər şey onun varlığından xəbər verir.Bir gündə hər nə varsa yenidən ona qayıtmalı və əbədi sonsuzluğa qovuşmalıdır.Kimlər üçünsə bu əbədi sonsuzluq zəhər qədər acı,kimlər üçünsə bal qədər şirin olacaqdı.Adam hələ heç zaman bu haqda düşünməmiş və düşünməyi belə heç ağlına gətirməmişdi.Adam ən yaxın dostu olan ilhamın belə Allahın ən sevimli bəndələrinə verdiyi bir nemət olduğunu düşünərək rahatladı və sanki,mələklər də ona ilham vasitəsilə demək istəyirdi ki,əbədi yolçuluğun son dayanacağındasan və bu dayanacaq sənin kimiləri üçün çox rahat olacaqdı və sən bu gcə ona,rəbbinə qovuşacaqsan.

    Adam son dəfə gözlərini göylərə,ulduzlara yönəldərək sevinc dolu ifadələrlə rəbbinə olan şükrünü bildirdi və adam pıçıldayaraq nə isə deməyə başladı və deyəsən bir zamanlar əlçatmaz kimi görünən əbədiyyətə qovuşmağın bir addımlığındaydı...


 Gözləri çıxmış ölüm...(26 fevral Xocalı soyqırımında şəhid olanların əbədi ruhuna ithaf edirəm) 

  Ölümün gözləri çıxmışdı,vəhşicəsinə öldürülənləri görə bilmirdi.O gecə şəhərin dörd bir yanı qorxunc kabusların  məskəninə çevrilmişdi.Hər tərəfdə başsız bədənlərin,bədənsiz başların tükürpədici görüntüsü insana insanlıqdan bu qədər çıxmasını anladırdı.Havanın ölüm qoxuması,bayquşların belə canına vəlvələ salmışdı.Bayquşlar insanın bu qədər qəddarlıqla öldürülməsini görməmişdi,ya da görəcəyini belə heç ağlına gətirməmişdi.Ruhların bir-birinə qarışdığı məkanda,zaman belə öz yerində donub qalmışdı,heyrətindən nə irəli,nə də geri çəkə bilirdi əqrəblərini.Saniyələr belə işləmirdi ölüm qoxulu şəhərdə.Göz yaşları qana dönmüşdü,dünyaya barışı səsləyən göyərçinlərin.Barış adlı səslənişin heç bir faydası toxunmamışdı insan adı daşıyan “insancığazlara”.Barış bu qədər rəzalətə düçar olmamışdı dünya yaranandan bəri.Yarasalar öz yolunu itirmişdi bu gecə,adi gecələrdə görməyə-görməyə heç bir maneə olmadan uçan yarasalar.Bu gecə o gecələrdən deyildi,cəhənnəmdən qorxunc bir mənzərənin təsviri idi.Ölülərin canı olsaydı danışardı nələr çəkdiklərini cisimlərinin.”Qisas qiyamətə qalmaz”demişlər,amma qisası qiyamətə qalmışdı ölülərin.Heç zaman dərdlərini danışa bilməyəcəkdi ölülər.Sonsuz sayda canlar alan ölüm heç zaman bu qədər də yorulmamışdı can almaq vəzifəsinə keçəndən bəri.Gözləri çıxmış ölümün görə biləcəyi heç nə qalmamışdı.Gördüyünü görmüşdü artıq bir gecənin içində.Gördüklərini görmək istəməsə də görmüşdü.Ölüm belə məyuslaşmışdı insanların bu dərəcədə vəhşiliyindən dolayı.Öldürənlərin öldürülənlərə etdiyini ölüm belə etməzdi heç zaman.Amma insan olmadığını bir daha göstərdi insan olmayan “insancığazlar”.