Habil YAŞAR - Şiirler

Habil Yaşar'ın diğer şiirleri için tıklayınız...


Çəkirik

Bu dünyada kim nə bilir,kim nə çəkir,

Bilinməzi kimsə bilməz,kimsə çəkir,

Mən çəkirəm,sən çəkirsən,o da çəkir,

Çəkiləsi sevinc deyil,dərd çəkirik.

 

Bu dünyada insanlığın üzü qara,

Beş sözünün ikisi ağ,üçü qara,

Öz rəngindən utanıbdı özü qara,

Bəyazı da qaralayıb,xətt çəkirik.

 

Bu dünyada kim deyir ki,azdı yanan,

Yüz illərdi Kərəm üçüm sazdı yanan,

Doğulandan ölənədək sızıldayan,

Könüllərin gülüşünə sədd çəkirik.

 

Ağac

 Nə gec yetişir bu ağac,
 Niyə belə gec böyüyür budaqları,
 Sərin mehdən töküləcək yarpaqları.
 Səbəb birmi, ya ikimi
 Bu ağacın kökü bəlkə su görməyib.
 Bircə damla suya möhtac sanki ağac,
 Birdən-birə böyüyəydi kaş ki, ağac.

Daha gecmi yetişəcək,
Düşünürəm dərin-dərin.
Bu ağacda gözü qalıb,
Ola bilsin 
neçə-neçə
bədgözlərin.

 Dərdin nədir, desən, ağac,
 Dərmanım yox verəm, ağac.
 Bəlkə bizdən incimisən-
 saxlayırsan ürəyində.!?
 Etinasız yanaşmışıq. -
 Budağından,
                 yarpağından 
 qıra-qıra
 böyüməyə qoymamışıq.
 Ya özündən incimisən.

Qabığında qırış-qırış
                           cadar-cadar
öz içindən yeyir bəlkə səni qurdlar.

Mən nə bilim, nə söyləyim,
Ola bilər tamam şair sözü.
Amma onu bilirəm ki,
Ağac kimi göz önündə 
yavaş-yavaş məhvə gedir
dünya özü...


Səni gizləmişəm...

Səni gizləmişəm anandan belə,

Atanda nə bilsin haralardasan.

İstəsən üstümə məhkəmə gələ,

Haradan bilsinlər haralardasan.

 

Səni tapmayacaq rəfiqələrin,

Üç günə,beş günə unudacaqlar.

Hər şeyi saxtadır özgələrinin,

Bir gün sənsiz belə yaşayacaqlar.

 

Məni izləyəcək hər addımbaşı,

Qardaşın yolumda sürünəcəkdir.

Məndə qınamıram yazıq qardaşı,

Harada gizlisən nə biləcəkdir.

 

Səni soracaqlar gəlib-gedəndən,

Heç kəs bilməyəcək yerdə-göydəsən.

Bir sirri açıram özlüyümdə mən,

Qoy heç kəs bilməsin...ürəyimdəsən.

Qoy heç kəs bilməsin...ürəyimdəsən.

 

Bu gecə həsrətin özündən böyük.                      

Bu gecə həsrətin özündən böyük,

Sənin böyüklüyün kiçilir daha.

O qədər böyükdür çiynimdəki yük,

Çəkisi göylərlə ölçülür daha.

 

Nə bir əlim yetir tutam,endirəm,

Dərdimi göylərin ucalığından.

Nə bir gücüm çatır sənə göndərəm,

Sevən ürəyimin çırpıntısından.

 

Əlimdə deyil ki,istədiklərim,

Hər nə istəyirəm gedir əlimdən.

Sənə deyiləsi demədiklərim,

Min dəfə şirindir dediklərimdən.

 

Bu gecə həsrətdir nəğməmim adı,

Bu elə nəğmə ki,qurtarmayacaq.

Axı mən olmazdım,o olmasaydı,

O yoxsa Habildə yaşamayacaq.

 

Həsrət nəğməsi 

Bir həsrət cücərir içimdə mənim,

Cücərib-cücərib yetişər bir gün.

O özü böyüyər kiçikliyindən,

Böyüyüb göylərə yetişər bir gün.

 

Əlim çatmayacaq ətəklərinə,

Həsrətim özümdən böyük olacaq.

Durub baxacağam altdan-yuxarı,

Baxdıqca gözümü qamaşdıracaq.

 

Bir həsrət qanıma işləyir mənim,

Gün gələr beynimə sızıb öldürər.

Mənimlə birlikdə ölən həsrəti,

Mənimlə birlikdə tanrı dirildər.

 

Bir həsrət əbədi sirdaşım olar,

Kölgətək arxamca izləyər məni.

Hər yerdə yolumun üstündə durar,

Həsrət həsrət ilə gözləyər məni.